\
22 Noyabr 2024 - Cümə

Gözəllik salonundan gələn qadın ərinin içki məclisini qana boyadı

Gözəllik salonundan gələn qadın ərinin içki məclisini qana boyadı
1592baxış

Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Lalə şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı keçmiş əri Mehralını (adlar şərti verilib – red.) bıçaqlayıb.

Hadisə bu il fevralın 21-də Ramana qəsəbəsində, Sovxoz Ramana yaşayış massivində baş verib. Lalə yaşadığı evdə Mehralını bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Lalənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lalə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Mehralı keçmiş həyat yoldaşıdır, həmçinin əmi qızı-əmi oğludurlar: “Biz 1998-ci ildə ailə qurmuşuq. Birgə nikahdan 2000-ci ildə Səlim, 2001-ci ildə isə Bahar adlı iki övladımız var. Ailə qurduqdan sonra həyat yoldaşımla ilk vaxtlarında münasibətlərimiz normal olsa da, sonradan Mehralı mütəmadi spirtli içki qəbul edərək evdə münaqişə yaratdı. Uşaqlarının gözü qarşısında məni döyürdü. Ailə münasibətlərimiz bu səbəbdən get-gedə pozuldu. Ərimin məni döyməsini və mütəmadi olaraq işgəncələr verməsi səbəbindən 2022-ci ilin yanvarın 18-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə aramızda olan nikah pozuldu”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, nikahları pozulduqdan sonra yaşadıqları evi sataraq bölməyi qərarlaşdırıblar: “Eyni zamanda evimiz satılana qədər birlikdə həmin evdə yaşamağa razılaşdıq. Hər gün səhər işə getmişəm, axşam isə işdən çıxaraq yaşadığım evə gəlmişəm. Boşanmağımıza baxmayaraq Mehralı hər gün spirtli içkilər qəbul edib, sonra məni incidərək, döyməyə davam edib”.

Lalə qeyd edib ki, fevralın 21-də, saat 20.10-da işlədiyi gözəllik salonundan evə gəlib: “Saat təqribən 21.00-da evə çatdım. Mehralının evin birinci mərtəbəsində yerləşən mətbəxdəki masada əyləşərək spirtli içki qəbul etdiyini gördüm. İçəri daxil olan kimi Mehralı nə üçün evə gec gəldiyimi soruşdu, mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Mehralıya cavab verməyərək mətbəxdən çıxmaq istədim. Bu zaman ayağa qalxaraq mənə yaxınlaşdı və mətbəxdən çıxmağıma mane oldu, məni vurdu. Sonra daha da azğınlaşaraq iki əli ilə məni boğmağa başladı.

Mehralının əlindən çıxmağa çalışdım. Hiss etdim ki, mənə hava çatmır, mebelin üzərində olan bıçağı götürüb Mehralıya tərəf atdım. Bu vaxt onun bədənindən qan gəldiyini gördüm, özümü itirdim. Buna görə qaçaraq həyətdən çıxdım. Bıçağı evin giriş qapısının yanında olan taxtaların üzərinə atdım. Küçədən qışqıraraq kömək çağırdım”.

Lalə deyib ki, qışqırıq səsinə qonşuluqda yaşayan evlərdən birindən bir nəfər çıxıb: “Ağlayaraq ondan kömək xahiş etdim. Həmin şəxs dərhal yanıma gəldi. Ondan həyat yoldaşımı xəstəxanaya aparmağa yardım istədim. Dərhal avtomobilini gətirərək evin qarşısında saxladı. Mehralını evdən çıxardaraq avtomobilə əyləşdirdim. Onu xəstəxanaya apardıq.

Yolda gedərkən qardaşım Sahibə zəng etdim və Mehralını bıçaqla vurduğumu dedim, xəstəxanaya gəlməsini bildirdim. Xəstəxanada Mehralını əməliyyat etdilər. Daha sonra qardaşım da gəldi. Mehralı cərrahi əməliyyatdan sonra baş verənləri danışdı. Polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə getdim. Əməlimidən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mehralının sözlərinə görə, ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməməsi səbəbindən münasibətləri pisləşib: “Həqiqətən spirtli içkilərdən istifadə edirəm. Bu səbəbdən 2022-ci ilin yanvarının 18-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə Lalə ilə aramızda olan nikah pozuldu. Ev satılana qədər bir yerdə yaşamağı qərara aldıq. Lakin Lalə ilə heç bir formada ünsiyyət qurmadım.

Hər gün Lalə səhər saatlarında işlədiyi “Lalə" gözəllik salonuna gedib, axşam evə gəlib. Fevralın 21-də, saat təqribən 21.00-da Lalə evə gəldi. Ondan evə gec gəldiyini soruşdum. O da ayrıldıdığımızı, evə istədiyi vaxt gələ biləcəyini bildirdi. Bu sözündən sonra əsəbiləşdim. Aramızda mübahisə yarandı. Lalə mətbəxdən çıxaraq getmək istədi. Onun getməsinin qarşısını almaq üçün ayağa qalxdım. Bu zaman Lalə mətbəx mebelinin üzərində olan bıçağı götürərək məni vurdu”.

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışıblar. O, Lalənin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lalənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

(Teleqraf.com)