Bakıda daha bir narkomaniya yuvası üzə çıxdı: gecələr belə qaçırlar - ŞOK
13 rəqəminin qurbanı olmuş keçmiş Azərbaycan Beynəlxalq Universitetini ziyarətə getməzdən öncə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti ilə əlaqə saxladım. Məni Binəqədi Rayon İcra Hakimiyyətinə yönəltdilər. Oradan bildirildi ki, obyekt özəl mülkiyyətə məxsus olduğundan söz haqqına sahib deyilik.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd etdi ki, hazırda ABU ilə bağlı məsələ gündəmdə deyil:
"Beynəlxalq Universitetlə bağlı vaxtilə qərar verilmişdi və universitet bağlanandan sonra qanuni yolla orada təhsil alanların bu və digər universitetlərə yerləşdirilməsi ilə bağlı məsələ var idi. O proses təxminən 10 il əvvəl baş verib".
Məsələnin rəsmi tərəfini öyrənib ABU-ilə qeyri-rəsmi söhbət üçün onu ziyarət etdim.
Bir zamanlar qızğın alış-verişin getdiyi ərazidə indi nə alıcı var, nə də satıcı. Hərə öz küncünə çəkilib. Universitet 12 ildir ki, özünü sındırmamağa çalışır. Amma olan olub, qatar çoxdan gedib. Bina mənimlə yalnız 2007-ci il xatirəsini bölüşə bilir.
Binanın daimi sakini isə deyəsən bu pişik idi. Həyətə atılmış ət tikələrini yeyib qarnına qulluq edirdi.
Burulğana düşən dünya iqtisadiyyatı onun nəyinə lazım axı?
Giriş hissədəki qapı-pəncərələr demək olar ki, sınıq-salxaq vəziyyətdə idi.
Pəncərələrdən içəri boylananda yerdə şprislər də görmək mümkün idi. Nakomaniyanın tüğyan etdiyi bir zamanda onların nə olduğunu təxmin etmək üçün baş sındırmağa ehtiyac da yoxdur.
İylənmiş ət parçaları ilə zir-zibil isə universitetin həyətinin sinəsinə çökmüşdü.
ABU-da çox şey itirən görmüşdüm – pul, vəzifə… Bu dəfə kimsə orada öz çəkməsini də itirmişdi.
Payız da deyəsən illər uzunu öz küləyini ən çox universitet tərəfə əsdirmişdi.
ABU-da sözün əsl mənasında it ulayırdı.
Mənim bir dəfə görüb dəhşətə gəldiyim mənzərəni ətrafda yaşayanlar artıq 12 ildir görür və dözür. Həqiqətən dözürmü?
Adının açıqlanmasını istəməyən xanım bildirdi ki, xüsusilə yayda universitetin həyətindən ətrafa üfunət yayılır.
Söhbətə digər qonşular da qoşuldular. Onlardan biri dövlət işində çalışdığına görə fotosunun çəkilməsini istəmədi. Üzü görünən və görünməyən qəhrəmanlarımızı eyni mövqe birləşdirirdi – "Bezmişik, qurumlara müraciət etməkdən yorulmuşuq. Natəmizlik baş alıb gedir. Müraciətlərimizə baxan yoxdur".
Sakinlər bildirdilər ki, təxminən 1 ay əvvələ qədər ABU-nu yaşlı bir kişi – gözətçi qoruyurmuş. Artıq o da gözə dəymir.
Onu da dedilər ki, universitetin həyəti əvvəllər narkomanların oylağı olub:
"Polislər hər axşam maşınlarla burada olurlar, nəzarət aparırlar. Burada toplaşan maşınların üzərinə işıq salıb içərisini yoxlayırlar. Ona görə də narkomanlar üzdə gəzməkdən çəkinirlər. Onlar daha çox binanın həyətinin dərinliklərində toplaşırlar".
Dərinlik demiş, gəlişimiz sakinlərin ürəyini əməlli-başlı açmışdı.
Onlar bu dəfə binanın dərinliyindən - zirzəmisindən gileyli idilər. Aidiyyəti qurumlardan problemlərinə əncam çəkilməsini gözləyirlər. Dedilər illərdir susmuruq, amma səsimiz eşidilmir.
Bir güllə ilə 2 dovşan vurmuşdum deyəsən – ABU-nun "tozunu silməyə" çalışmışdım, həm də sakinlərin probleminə işıq tutmağa.
Narkomaniya məsələsini isə açıq qoymadım.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladım, binanın, ərazisinin necə mühafizə olunduğunu öyrəndim. Şöbə rəisi bildirdi ki, ABU-nun mühafizəsi digər obyektlərə nəzarət formasında həyata keçirilir:
"Bizim narkomaniya ilə mübarizəmiz əsaslı şəkildə davam edir".
Musavat.com