\
25 Noyabr 2024 - Bazar ertəsi

Şahid AzTv sədrini öldürmək üçün 600 manat təklif edildiyini etiraf etdi - Bakı Ağır Cinayətlər Məhkəməsində

Şahid AzTv sədrini öldürmək üçün 600 manat təklif edildiyini etiraf etdi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1737baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alişanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə şahid qismində Müsabi Namazov ifadə verib.

O deyib ki, A. Alışanova qarşı sui-qəsd barədə ilk dəfə Şamaxıda olanda eşidib. Şahid bildirib ki, A. Alışanovu 600 min manat müqabilində Ş. Əkbərovun evinin qarajında öldürməyi planlaşdırıblar: "Dedilər ki, sənə 600 min manat pul veririk ki, Alışanovu öldürəsən. Sonra mənə silah verdilər. Həmin ərəfədə Arif Alişanov Şamaxıya gəldi, görüşdük. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçalıya yalandan dedim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd olmaz. Mənə tapşırıq vermişdilər ki, Arif Alişanovla yanaşı, onun yanında olan şəxsləri də güəllələyim. Sonra mən bu barədə Bakı şəhərinə gəlib, polisə məlumat verdim. Arif Alışaova qarşı sui-qəsd təşkil ediləcəyini dedim".

Şahid vəkillərin suallarını cavablandırarkən təklifdən imtina etməməyinin səbəbini də açıqlayıb: "Əvvəlcə ona görə razılaşdım ki, təqsirləndirilən şəxsləri aldadım və tərksilah edim. Sonra polisə məlumat verəcəkdim. Qətl hadisəsini Qoçalı Cəbiyevlə birlikdə törətməli idim".

Sonra şahid təqsirləndirilən Ş. Əkbərovun suallarını cavablandırıb. Ş. Əkbərov şahiddən uzun müddət dost olduqları halda, nəyə görə ailə üzvlərinə deyil, məhz polisə məlumat verdiyi barədə soruşub. Şahid isə deyib ki, ortada cinayət faktı olduğuna görə, polisə məlumat verməli olub.

Digər şahid sambo və cüdo üzrə dünya çempionu Natiq Bağırov isə ifadəsində bildirib ki, Şamaxıda torpaq sahəsi alıb, fermer təsərrüfatı qurmaq üçün  Arif Alişanova 3 milyon 500 min manat məbləğində pul verib.

Sonra Ş. Əkbərovun vəkili əlavə şahid qismində bəzi şəxslərin məhkəmədə dindirilməsi haqqında vəsatət qaldırıb.

Təqsirləndirilən şəxslər də vəsatət veriblər. Onlar məhkəmə tərkibinə etiraz ediblər.

Hakim bildirib ki, vəsatətlərə növbəti məhkəmə prosesində baxılacaq.

Sonra təqsirləndirilən Aqşin Hüseynov məhkəməyə məktubla müraciət edərək, digər təqsirləndirilən şəxslər tərəfindən hədə-qorxuya məruz qaldığını deyib. O bildirib ki, Ş.Əkbərov və digərləri onu şantaj edərək, ibtidai istintaq verdiyi ifadəsini dəyişməyi istəyirlər. A. Hüseynov məhkəmədən bu hərəkətlərə qiymət verilməsini istəyib.

 A.Alışanovun vəkili Zaur Abasov bildirib ki, bəzi KİV nümayəndələri dəfələrlə dərc etdikləri yazılarda Şücayət Əkbərovun əsassız və ağır ittihamlarını qeyd etməklə, ictimaiyyətdə yanlış fikir yaratmaq istəyirlər: "Bildiyiniz kimi, 2013-2016-cı illər ərzində Şücayət Əkbərov Arif Alişanova Şamaxı rayonu Nağaraxana kəndi ərazisində bahalı qiymətə satılan torpaq sahələrini göstərərək, onların müxtəlif vətəndaşlar tərəfindən satıldığını bildirib. Arif Alişanov Şücayət Əkbərovu uzun illər tanıdığından və ona tam etibar etdiyindən, həmin torpaqları almaq məqsədilə qeyd olunan torpaqların pulunu müxtəlif vaxtlarda və məbləğlərdə Şücayət Əkbərova ödəyib. Şücayət Əkbərov Arif Alişanova qarşı dələduzluq edərək, faktiki olaraq Kürdəmir rayonunun ərazisində yerləşən hektarının qiyməti dəfələrlə ucuz olan torpaq sahələrini alaraq, müxtəlif şəxslərin adlarına rəsmiləşdirib, digər hallarda isə Şamaxı rayonunun müxtəlif ərazilərində kənd təsərrüfatı və turizm təyinatlı torpaq sahələri göstərərək satıldığını bildirib. Həmin torpaqların dəyərini təşkil edən məbləğləri  Arif Alişanovdan alaraq, ümumiyyətlə, heç bir rəsmiləşdirmə aparmayıb, dələduzluqla həmin pulları da mənimsəyib. Bundan başqa, Arif Alişanov Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən 5 hektar və 6,5 hektar torpaq sahələrini alaraq Şücayət Əkbərovdan həmin sahələri özü ilə arvadı Səlimə Ənvər qızı Sadıqovanın adına rəsmiləşdirməyi xahiş edib. Daha sonra, Şücayət Əkbərov faktiki olaraq özünə məxsus olmaqla, qohumunun adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Mədrəsə qəsəbəsi Nizami Gəncəvi küçəsi 26 ünvanında yerləşən evini Arif Alişanova satıb, lakin rəsmiləşdirməsini müvafiq qaydada həyata keçirməyib. Arif Alişanov bir neçə ədəd Gəncə traktor zavodunda istehsal olunmuş traktor, kotan, dırmıq və sair kənd təsərrüfatı texnikasının lizinqə alınması ilə bağlı öz qohumları ilə razılığa gəldikdən sonra, həmin texnikanın pulunu Şücayət Əkbərova verərək, onu nümayəndəsi kimi həmin texnikanın qəbul edib, bir hissəsini özünə yaxın olan şəxslərin adına rəsmiləşdirməsini xahiş edib və Şücayət Əkbərov həmin texnikaların bir hissəsini özünün, arvadı Səlimə Sadıqovanın, sürücüsü Aqşin Hüseynovun adına rəsmiləşdirib. Şücayət Əkbərov 2016-cı ilin dekabr ayında dələduzluq əməlləri ilə ələ keçirdiyi külli miqdarda pul vəsaitlərini və Arif Alişanov tərəfindən dəyəri ödənilən torpaq sahələrini A.Alışanovun müəyyən etdiyi şəxslərin adlarına rəsmiləşdirilməsini tələb etməsi ilə əlaqədar, eləcə də, adlarına rəsmiləşdirdikləri Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisindəki torpaqlara, kənd təsərrüfatı texnikasına, pulunu aldığı Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evinə və digər əmlaklara sahib çıxmaq və mənimsədiyi pulları qaytarmamaq və dələduzluq cinayət əməlini gizlətmək məqsədilə, mütəşəkkil cinayət qrupu yaradaraq, bu qrup üzvləri vasitəsi ilə Arif Alişanovu qətlə yetirmək istəyib. Şücayət Əkbərov Arif Alişanovu qətlə yetirmək üçün cinayətkar qrupun digər üzvlərinə 600.000 manat pul təklif edib və bu məqsədlə müxtəlif odlu silahlar əldə edib. Sonradan, qətli avtoqəza nəticəsində həyata keçirməsi üçün adları iş materiallarında keçən və 23.05.2018-ci il tarixində şahid qismində dindirilmiş şəxslərdən “NİVA“ markalı avtomaşını alaraq Zöhrab Şirinov vasitəsilə, həmin avtomaşınla Arif Alişanovun sürücüsü tərəfindən idarə olunan “Toyota Land Cruiser” markalı avtomaşını vuraraq qəsdən dərəyə salmaq məqsədilə bu qətli həyata keçirmək istəyib. Təqsirləndirilən şəxslərin bu və digər cəhdələrinin baş tutmamasının səbəbi isə iş üzrə şahid qismində keçən Müsabi Namazovun qabaqcadan verdiyi məlumat əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həyata keçirilməsi mümkün olmamışdır”.

 Z Abasov qeyd edib ki, bu günə qədər iş üzrə təqsirləndirilən şəxs olan Şücayət Əkbərov keçirilən məhkəmə iclasları zamanı dəfələrlə Arif Alişanova şər və böhtan atıb: “Onlar guya Arif Alişanovun özünün olduğu və sürücüsünün idarə etdiyi avtomaşının baqaj hissəsində qız meyitinin olmasını göstərməklə, bu günə qədər ictimaiyyəti çaşdıraraq, Arif Alişanova qarşı heç bir sui-qəsdin törətməsinə cəhd etmədiyini israrla bildirir. Əvvəlki keçirilən məhkəmə iclaslarında zərərçəkmiş şəxslər və şahidlər dindirilmədiyindən, biz indiyə qədər Şücayət Əkbərovun Arif Alişanova qarşı irəli sürülən və əsassız olan ağır ittihamları ilə bağlı fikir bildirməmişdik. Əslində, Şücayət Əkbərovun əsassız ittihamlarına münasibətimizi iş üzrə sübutlar araşdırıldıqdan sonra məhkəmə çıxışında bildirmək istəsək də, hazırda məcburiyyət qarşısında qalaraq bu vəsatətlə məhkəməyə müraciət edirik. Əfsuslar olsun ki, məhkəmə iclasında iştirak edən KİV nümayəndələri dəfələrlə özlərinin dərc etdikləri yazılarda Şücayət Əkbərovun əsassız və ağır olan ittihamlarını qeyd etməklə, ictimaiyyətdə yanlış fikir yaratmaq istəyirlər. Halbuki, iş üzrə dinidirilmiş şahidlərdən Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olan Rövşən Camalovun birbaşa hadisələrin şahidi olmuş Müsabi Namazovla bağlı verdiyi ifadəsi dərc edilmiş yazılarda geniş şəkildə öz əksini tapmayıb”.

Vəkil qeyd edib ki, heç bir dəlil və sübut olmadan bir şəxsi xüsusilə ağır cinayətin törədilməsində ittiham edilməsi və bu məlumatların artıq KİV-də geniş şəkildə yayılması, Şücayət Əkbərovun CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilər : "Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edirik ki, şər və böhtan xarakterli çıxışların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görəsiniz”.

Proses iyunun 29-da davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar (APA).