\
22 Noyabr 2024 - Cümə

Qıza görə bir nəfər öldürdü, iki nəfəri xəstəxanalıq etdi - Bakıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI + YENİLƏNİB

Qıza görə bir nəfər öldürdü, iki nəfəri xəstəxanalıq etdi - Bakıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI + YENİLƏNİB
1426baxış

Bakının Xətai rayonu, “NZS qəsəbəsi” adlanan ərazidə üç nəfərin bıçaqlanması ilə nəticələnən davanın bəzi detalları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, hadisə qəsəbə ərazisində fəaliyyət göstərən 165 saylı tam orta məktəbin yaxınlığındakı küçədə baş verib. İnsident qız söhbəti üstündə olub.

 

Məlumata görə, hadisə nəticəsində qətlə yetirilən 2004-cü il təvəllüdlü Nemət Həsənov dalaşanlar arasında olmayıb. Belə ki, NZS qəsəbə sakini, 2005-ci il təvəllüdlü Fərid Əhmədli ilə həmyaşıdı Orxan Hüseynov arasında qız üstündə mübahisə olub. Mübahisə nəticəsində O.Hüseynov və F.Əhmədli dalaşıb və yaxınlıqdakı şəxslərin köməyi ilə tərəflər sakitləşdirilib. 

Axşam saatlarında hər iki şəxs yenidən mübahisə edib və onlar axşam saat 23 radələrində 165 saylı orta məktəbin yanında söhbəti həll etmək üçün görüş təyin ediblər. Növbəti mübahisə yenidən davaya çevrilib və bu vaxt F.Əhmədli O.Hüseynovu bıçaqlayıb. Həmin vaxt ərazidə olan Xalid Nəbiyev və Nemət Həsənov F.Əhmədliyə mane olmağa çalışıblar. F.Əhmədli isə X.Nəbiyevi qarın nahiyəsindən, N.Həsənovu isə ürəyindən bıçaqlayıb. Nəticədə Nemət Həsənov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

10:00

Paytaxtın Xətai rayonu ərazisində bir nəfəri öldürməkdə, 2 nəfərə isə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bununla bağlı Xətai Rayon Prokurorluğu məlumat yayıb. 

İlkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun “NZS qəsəbəsi” adlanan ərazidə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.

Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

09:08

Dekabrın 19-da gecə saat 01 radələrində Bakının Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.