Qonşusunu güllələyən şəxs psixi müalicəyə göndərildi - Bakı Ağır Cinayətlər Məhkəməsində
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Ədalət Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Ə.Babayev cinayəti törətdikdən sonra psixi xəstəliyə tutulduğundan onun barəsində cinayət işi icraatı dayandırılıb və o, müalicə üçün 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Qeyd edək ki, ötən il mayın 19-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1977-ci il təvəllüdlü qəsəbə sakini Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi "Makarov" tipli tapançadan həmyerlisi - 1990-cı il təvəllüdlü Elnur Dadaşova bir atəş açaraq qol nahiyəsinə xəsarət yetirib.
E.Dadaşov xəstəxanaya yerləşdirilib və onu xilas etmək mümkün olub.
Ə.Babayev könüllü rayon Polis İdarəsinə gələrək təslim olub və cinayətin törədilməsində istifadə etdiyi tapançanı və patronları təhvil verib.