Qusar rayonunda gecə əməliyyatı: Sərhəddə beş nəfər saxlanıldı - FOTO
Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən beş nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Bu barədə Mediapres.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, onlar DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıblar.
Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.