\
22 Noyabr 2024 - Cümə

Keçmiş mühacirə 7 il 6 aylıq həbs cəzası tələb olundu

Keçmiş mühacirə 7 il 6 aylıq həbs cəzası tələb olundu
1489baxış

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı keçmiş mühacir Cəfər Mirzəyevə cəza tələb edib.

Mediapress.az  xəbər verir ki, dövlət ittihamçısı Cəfər Mirzəyevə qarşı irəli sürülmüş narkotik ittihamının məhkəmə istintaqı ilə sübuta yetirildiyini bildirib, məhkəmədən müttəhimə 7 il 6 ay müddətinə həbs cəzası tələb edib.

Almaniyadan readmissiya ilə Azərbaycana göndərilmiş və burada narkotik ittihamı ilə həbs olunmuş Cəfər Mirzəyev məhkəmə başlayan gündən bildirib ki, onu şərləyiblər. Məhkəmə ifadəsində göstərib ki, 2014-cü ildə ailə qurub, həyat yoldaşı ilə Almaniyaya gedib və siyasi sığınacaq istəyib. 7 il Almaniyada yaşadıqdan sonra Almaniya hökuməti onunla bağlı məhkəməyə müraciət edib. Məhkəmə ona öz ölkəsində heç bir təhlükə olmadığını səbəb gətirərək geri qayıtmasını təklif edib. O da məhkəmədən ölkəni tərk etməsi üçün vaxt istəyib. Ancaq 2021-ci ilin noyabrında onu və ailəsini məcburi qaydada Azərbaycana göndəriblər. Ölkəyə qayıdan kimi ailəlikcə karantinə alınıblar. Karantində olduğu müddətdə Baş Prokurorluqdan gələrək onu dəvət edəcəklərini desələr də, sonradan əlaqə saxlayan olmayıb. 2022-ci il yanvarın 28-də Ramana qəsəbəsindəki “Güvən İnşaat” mağazasında mülki geyimlilər onu zorla maşına mindirərək polis bölməsinə aparıb, döyüblər, psixoloji təzyiq göstəriblər və üzərindən narkotik götürülməsi barədə saxta protokol tərtib ediblər. Bütün bunlar barədə Cəfər Mirzəyev məhkəmə ifadəsində bildirmişdi.

Cəfər Mirzəyevin vəkili Nemət Kərimli müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən bir həftə vaxt istəyib. Hakim növbəti məhkəmə iclasını yanvarın 13-nə təyin edib. Cəfər Mirzəyevin həbsi ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, o, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədəd narkotik tərkibli həb tapılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3 - qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsi ilə cinayət işi başlanıb.