Gəncədə öldürülən qara kəmər ustasının atası hakimdən narazıdır
Əli Rüstəmov: “Hakim Əli Seyfəliyev əsas olmadan qarşı tərəfin məsuliyyətini yüngülləşdirdi”
2014-cü ildə bir qrup tərəfindən bıçaqlanaraq öldürülən qara kəmər ustası Kamal Rüstəmovun atası Əli Rüstəmov Ali Məhkəmənin səlahiyyətlilərini qanunsuzluqda ittiham edib. Əli Rüstəmov hakim Əli Seyfəliyevi oğlunun qanını batırmaqda günahlandırır. İdmançının qətli ilə bağlı Urfan Rzayev məsuliyyətə cəlb olunub. Əli Rüstəmov isə iddia edir ki, oğlunu Urfan Rzayev təkbaşına öldürməyib, ona ağır cinayətdə köməklik edən digər iştirakçılar da var.
Gəncə Apelyasiya Məhkəməsi Urfan Rzayev barəsində birinci instansiyada təyin olunan 10 il cəzanı artıraraq 13 ilə çatdırıb. Lakin Ali Məhkəmədə iş ləğv olunaraq yenidən apelyasiyaya qaytarılıb.
Mərhum idmançının atası Əli Rüstəmov ölkə rəhbərliyinə ünvanladığı müraciəti redaksiyamıza təqdim edib. O, işə ədalətli baxılmasını istəyir.
Ə.Rüstəmov müraciətində yazır ki, Ali Məhkəmənin bütün qərarları ilə aşağı instansiya məhkəmələri tərəfindən tətbiq edilən cəzalar əksər hallarda öz qüvvəsində saxlanılır: “Oğlumun qətli ilə bağlı işdə hakim Əli Seyfəliyev nədənsə mövcud olan təcrübədən kənara çıxdı. Apelyasiya məhkəməsinin qərarını cəzanın ağır olması səbəbindən ləğv etdi. Bundan başqa, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinin digər bir əsası şəxsin məsuliyyətini yüngülləşdirən halların olması ilə bağlı olub. Bununla bağlı bildirmək istəyirəm ki, mənim oğlum kantak karate üzrə qara kəmər ustası idi. Yəni o, məhkum edilmiş şəxsdən fiziki baxımdan güclü idi. Onun məhkum edilmiş şəxsi bıçaqla vurmasına heç bir zərurət yox idi. İşin hallarından da görünür ki, dalaşan zaman o, məhkum edilmiş şəxsə üstün gəlib. Məhkum edilmiş şəxs həmin vaxt bıçağı çıxarıb mənim oğlumun qarın nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirib. Yalnız ondan sonra mənim oğlum məhkum edilmiş şəxs qaçıb avtomobilə oturan zaman qarnında olan bıçağı çıxardıb ona xəsarət yetirib. Bu fakt işdə olan ekspertiza rəyi ilə tam təsdiq edilir. Belə ki, ekspertiza rəyində məhkum edilmiş şəxsin paltarında olan zədənin kənarında mənim oğluma məxsus olan qan aşkar edilib. Bu fakt onu deməyə əsas verir ki, birinci məhkum edilmiş şəxs mənim oğlumu vurub. Mənim oğlum isə ona xəsarəti onu vurduqdan sonra yetirib. Çünki məhkum edilmiş şəxsin dediyinə görə, guya mənim oğlum onu vurduqdan sonra o da ona xəsarət yetirib. Belə olan halda isə mənim oğluma məxsus olan qanın onun paltarının bıçaqla zədələnmiş hissəsində aşkar edilməsi mümkünsüz idi. Bu fakt qeyd etdiyim kimi, ekspertiza rəyi ilə təsdiq edilir. Bundan başqa, məhkum edilmiş şəxs bildirib ki, onu bıçaqla vurub yerə yıxıb. İşdə olan sənədlərdən görünür ki, yerdə olan qan nümunələrinin hamısı mənim oğluma məxsusdur. Əgər məhkum edilmiş şəxs xəsarət alıb yerə yıxılmışdısa, onda ona məxsus qan izləri həmin yerdə aşkar edilməli idi. Bu fakt onu deməyə əsas verir ki, o, mənim oğlumu bıçaqla vurub. Sonradan qaçıb avtomobilə minən zaman mənim oğlum ona xəsarət yetirib. Belə olan halda hakim Əli Seyfəliyevin qarşı tərəfin məsuliyyətini yüngülləşdirməsi üçün əsası olmayıb.
Məhkum edilmiş şəxsin yaxınları bizimlə barışıq əldə etmək üçün bizə 100 min manat məbləğində pul təklif etdilər. Lakin mən onu qəbul etmədim. Düşünürəm ki, həmin pul hakim Əli Seyfəliyevə verilərək onun vəziyyətini yüngülləşdirdiyi üçün o, məhkum edilmiş şəxsin məsuliyyətini yüngülləşdirməklə bağlı qərar qəbul edib. Ancaq insan həyatının pula satılması hesab edirəm ki, cəmiyyət üçün təhlükəli tendensiyalardan xəbər verir. Çünki biz də insanıq və gələcəkdə bizi də öldürüb 100 min manat pul verib məsuliyyətlərini yüngülləşdirəcəklər. Hakim Əli Seyfəliyev bir şeyi bilmir ki, onun qəbul etdiyi qərar Azərbaycan Respublikasının adından çıxarılır..."
Şikayətçi işə ədalətli baxılması üçün ölkə rəhbərliyindən kömək istəyir.