250 min manat borcu olan Ramin Hacılı ölkədən qaçarkən yaxalandı! - SON DƏQİQƏ! - FOTO
Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən apa-ya verilən məlumata görə, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.
İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib. F. Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.
R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.
Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.