Bakıda iranlı narkotacirlərə işləyən 6 nəfər saxlanıldı - VİDEO
Bakının Nərimanov rayonunda “Məhsun” və “İsi” adlı iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb, onlardan 14 kiloqram heroin və marixuana aşkar edilib.
Bu barədə Mediapress.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinin saxlanılması istiqamətinə növbəti əməliyyatlar keçirilib. Nəticədə 6 nəfərdən ibarət 3 dəstənin üzvü saxlanılıb. Onlardan ümumilikdə 14 kiloqram, o cümlədən 11 kiloqram heroin və 3 kiloqram marixuana aşkar edilib.
Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən olan paytaxt sakinləri Anar Quliyev və Elşən Sarızadə saxlanılıblar. Bu şəxslərdən qanunsuz yolla əldə etdikləri 3 kiloqram marixuana və 1 kiloqram heroin aşkar olunub.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan daha 4 nəfər – Sadiq Həsənov, Sənan Qubatov, Vüqar Əmirov və Eldar Həsənov da saxlanılıblar. Bu şəxslərdən isə 10 kiloqram heroin və marixana aşkar edilib.
Saxlanılan 6 nəfərin hər biri narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Məhsun” və “İsi” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.