\
24 Noyabr 2024 - Bazar günü

Alman biznesmenə 6 mln. avro “atan” şəxsin məhkəməsi davam edir - Bakı Ağır Cinayətlər Məhkəməsində

Alman biznesmenə 6 mln. avro “atan” şəxsin məhkəməsi davam edir - Bakı Ağır Cinayətlər Məhkəməsində
1379baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan neft məhsullarının alqı-satqısından tutmuş Sierra-Leonedə almaz yataqlarında hasilat işlərinə qədər ən müxtəlif və qaranlıq işlərlə məşğul olan müəmmalı biznesmen-oliqarx, milyonlarla dollarlıq dələduzluq əməlində ittiham olunan Ələddin Yusifovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediapress.az Virtualaz.org-un məlumatına əsasən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nadejda Baxışova dindirilib. Şahid ifadəsində təqsirləndirlən Ə.Yusifovu 2015-ci ildən tanıdığını, onun ofisində mühasib işlədiyini göstərib: "Ələddin müəllim ofisini alman şirkətinə icarəyə vermişdi. Mənim mühasib kimi çalışmağımı istədi, getdim. Ofisin sənədlərini verdi, baxdım. Sənədləri hazırlayıb, başa çatdırdım. Xətaidə yerləşən notariusda alqı-satqı işləri aparıldı".

Şahid qeyd edib ki, Hans-Georq Toması ofisdə mühasib işlədiyi vaxtda tanıyıb: "Alov qüllələri"ndə Georqla sənədlər barədə danışdıq. O mənə ofisin neçəyə götürülməsi barədə məbləği açıqlamadı. Amma ofisi icarəyə götürəcəklərini dedi. Elşən və Ələddin müəllim öz aralarında danışanda eşitmişdim ki, o, ofisini alman vətəndaşına 2 milyon avroya icarəyə verir".

N.Baxışova Ə.Yusifovun Qazaxıstanda yerləşən şirkətlərə pul köçürdüyündən xəbərsiz olduğunu bildirib.

Ə.Yusifov şahidin yalan danışdıığını desə də, N.Baxışova düzgün ifadə verdiyini bir daha məhkəmənin diqqətinə çatdırıb.

Daha sonra şahid qismində Aydın Yusifov dindirilib. O, təqsirləndirilən şəxsi ilk dəfə gördüyünü söyləyib: "Bacım Zeynəb Kərimova mənə zəng edib bildirdi ki, mülklə bağlı sənədləri mənim həyat yoldaşım Emilyanın adına keçirmək lazımdır. Çünki onun körpə uşağı var idi. Mən şəxsən villanın notariusda alqı-satqısında iştirak etməmişəm, həyat yoldaşım orada olub".

A.Yusifovun həyat yoldaşı Emilya Yusifova ifadəsində bildirib ki, baldızı Zeynəb Şıxkərimova ona zəng edib, notariusa gəlməsini istəyib: "Adıma etibarnamə veriləcəyini söylədi".

Ə.Yusifov deyib ki, şahid E.Yusifovanın adına offşor hesab olub: "Mən bu barədə sənədləri məhkəməyə təqdim edərəm".

Məhkəmədə Ə.Yusifovun sürücüsü Vaqif Əmrahov da dindirilib. O, ifadəsində adına bir neçə şirkət olduğunu deyib: "Şirkətlər adımda formal olub. Sonra pensiyaya çıxdım. Bir neçə dəfə Ələddin müəllim mənə pul verib, aparıb Elşənə çatdırmışam. Həmin pulların təxmini məbləği 1 milyona yaxın olub. Ələddin müəllimin şəxsi işlərinə heç vaxt qarışmamışam".

Şahid Elşən Şıxkərimov ifadə verən zaman söyləyib ki, Ə.Yusifov ona pul verməyib: "Ələddinin dedikləri yalandır. Mən heç Qazaxıstana belə getməmişəm".

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

İttihama görə, Ələddin Yusifov 2004-cü ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib, neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

2010-cu ildə adıçəkilən həmin MMC-nin direktoru statusunda Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, alman vətəndaşı Ştitternat Hans-Georq Tomasa (Stichternath Heins-Georg Tomas ) özünü uğurlu, geniş əlaqələrə malik olan iş adamı kimi təqdim edib. Onu, neft məhsullarının alqı-satqısı ilə məşğul olduğuna, bu yolla külli miqdarda gəlir əldə etdiyinə, biznesə daha çox investisiya qoyulacağı təqdirdə daha çox qazanc əldə edəcəklərinə inandırıb. Ə.Yusifov almaniyalı iş adamından o vaxtkı məzənnə ilə 6 milyon avro (6 milyon 540 min manat) istəyib, həmin pulun 20 faizi miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.

60 yaşlı iş adamı Ştitternat Hans-Georq Tomas Almaniyada fəaliyyət göstərən müxtəlif banklar vasitəsilə qeyd olunan məbləği köçürüb. Ələddin Yusifov həmin pulu şəxsən talayaraq almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.