Narkotik satışı ilə məşğul olmaqda təqsirləndirilən qardaşlara 10 il həbs cəzası verilib
Bakıda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Təbriz və Pərviz Rəhmanov qardaşlarının son məhkəməsi keçirilib.
Mediapress.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, hər iki qardaş 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Eldar Həmzə isə təqsirləndirilən şəxslərin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Təbriz və Pərviz Rəhmanov qardaşları ötən ilin mayında paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. İdarəyə gətirilən Təbriz Rəhmanovun üzərinə şəxsi axtarış keçirilən zaman cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,817 qram, Pərviz Rəhmanovdan isə bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,200 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülüb.
Əməliyyat axtarış tədbirinin davamı olaraq Pərviz və Təbriz Rəhmanov qardaşlarının öz könüllü razılıqları və birlikdə iştirakları ilə evlərindən satış məqsədi ilə əldə edib daşıyaraq saxladıqları iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 550 qr va 1000 qram olmaqla ümumilikdə 1550 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə tiryək, bir ədəd kassanın içərisində olan bir ədəd bükümdə 230 qram çəkidə psixotrop maddə metamfetamin, iki ədəd bükümdə təmiz çəkiləri 1550 qram və 2100 qram olmaqla ümumilikdə 3650 qram çəkidə narkotik vasitə olan heroin və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 24 min 480 manat pul və üzərində narkotik vasitə heroinin izleri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.