\
24 Noyabr 2024 - Bazar günü

Deputatın oğlunu dələduzluq yolu ilə aldadan müttəhim özünü təqsirli bilmədi - Bakı Ağır Cinayətlər Məhkəməsində

Deputatın oğlunu dələduzluq yolu ilə aldadan müttəhim özünü təqsirli bilmədi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1698baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Mediapress.az xəbər hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zaur Səfərovun vəkili 115 min manatlıq mülki iddia qaldırdığını bildirib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə E.İbrahimov özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Zaur Səfərov ifadə verib. O söyləyib ki, 72 min manat pulu Müjgan Mehdiyevaya və onun qardaşı Murad Mehdiyevə verib: "Pulu onlara iş qurmaq adı ilə verdim, lakin sonradan iş alınmadı. Elnuru isə sonra tanıdım. Birbaşa Elnura pul verməmişəm. Daha sonra pullardan bir qisimi qaytarıldı, 48 min isə alacağım var. Elnuru tanıyandan sonra dedi ki, pulun qalanını qaytaracaq, aramızda müqavilə bağlandı".

Təqsirləndirilən şəxs zərərçəkmiş Z.Səfərovdan pul almadığını deyərək bu barədə ifadə verməkdən imtina edib: "Bu epizod üzrə Murad Mehdiyev məhkəməyə gəlməyincə suallara cavab verməyəcəm".

Digər zərərçəkmiş Ramin Bəkirov dindirilən zaman "katric" işi üçün Müjgan Mehdiyeva ilə Murad Mehdiyevə 199 min manat pul verdiyini qeyd edib. O deyib ki, iş alınmayandan sonra həmin bacı-qardaşlar onu E.İbrahimovla tanış edib: "Elnur da həmin pulu öz üzərinə götürüb, mənimlə müqavilə bağladı. Həmin puldan Muradgil 73 min qaytardı, lakin 126 min alacağım var".

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.