\
24 Noyabr 2024 - Bazar günü

Həbsdə olan "Gündəlik Bakı" qəzetinin baş redaktoru bəraət istəyir - Bakı Apellyasiya Məhkəməsində

Həbsdə olan "Gündəlik Bakı" qəzetinin baş redaktoru bəraət istəyir - Bakı Apellyasiya Məhkəməsində
1815baxış

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Mediapress.az “Report”un məlumatına əsasən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 21-nə təyin edilib. Şikayət hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılacaq. H.Vəliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb, H.Vəliyev həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.