Əhməd qətldən bir gün əvvəl polis tərəfindən saxlanılıbmış
Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 25 yaşlı gənc Əhməd Əhmədovla bağlı bəzi məqamlar açılıb.
Mediapress.az xəbər verir ki, Musavat.com-un hüquq mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov gerçəkdən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub: “Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında "dəlixana" deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələrmiş. Hər kəs deyəcəkmiş ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar...’’
Bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, baha qiymətinə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içmirmiş.
Saytın əldə etdiyi məlumata əsasən, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanıbmış: "Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və orada polislərə yalvarıb ki, oğlunu sutkalığa salmasınlar. Deyib ki, Əhmədin epilepsiyası var, polisdə qalsa epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad olunmasına nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini qətl edəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi".
Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olmuşdu. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə etmiş və Əhmədi cəzadan qorumuşdu.