\
24 Noyabr 2024 - Bazar günü

Montaj şəkilə görə qan tökdü - AĞDAŞDA

Montaj şəkilə görə qan tökdü - AĞDAŞDA
1804baxış

 

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Rəvan Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Mediapress.az "publika.az”a istinadən xəbər verir ki, qətl hadisəsi Ağdaş rayonun mərkəzində, M.Ə.Rəsulzadə küçəsində baş verib. Rayon sakini Rəvan Bağırov ov tüfəngindən açdığı atəşlə həmyerlisi, 1991-ci il təvəllüdlü Kamil İsmayılovu vurub. Kamil İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.
 
 
Müəyyən edilib ki, Rəvan Bağırov arvadı Röyanın istifadəsində olan "Asus” markalı planşet telefonuna baxıb. Orada Röyanın Kamal İsmayılovla (o, bu şəxsin Kamal İsmayılov olduğunu sonradan bilib) çəkilmiş şəklini görüb və arvadının ona xəyanət etdiyini zənn edib.
 
Rəvan Bağırov bu məsələni aydınlaşdırmaq üçün Röyadan şəkildəki şəxsin kim olduğunu soruşub. Röya həmin şəxsin "Gülüş” deyə çağırdıqları qohumu Gülruhun sevgilisi olduğunu söyləyib. Röya şəklin kim tərəfindənsə montaj edildiyini deyib. Rəvan isə arvadının dediklərinə inanmayıb.
 
Rəvan Bağırov 25 may 2015-ci il tarixdə günorta saatlarında mobil telefonla Kamal İsmayılovun zəng edib, onunla sonuncunun evinin yaxınlığında görüşmək barədə razılaşıb.
 
Söhbət zamanı Rəvan Bağırov arvadı ilə nə kimi münasibətlərinin olmasını Kamaldan soruşub, Kamal Röya ilə heç bir əlaqəsinin olmadığını, onun qohumu Gülüşlə bir-birini sevdiklərini deyib.
 
Daha sonra Rəvan Bağırov məsələyə aydınlıq gətirmək üçün elə həmin gün Kamalla birlikdə öz idarə etdiyi avtomobillə Şəki şəhərinə qayınatasıgilə gedib. Oradan həmin vaxt qayınatasıgildə olan arvadı Röyanı və xalası Səidəni də götürüb.
 
Sonra onlar Gülüşün yaşadığı evə gediblər. Söhbət zamanı Gülüş Kamalın həqiqətən də onun sevgilisi olduğunu desə də, Röya ilə Kamalın şəklini kimin montaj etdiyini izah edə bilməyib.
 
Rəvan Bağırov arvadı tərəfindən aldadıldığı qənaətinə gələrək, Kamalla birlikdə Ağdaş şəhərinə qayıdıblar.
 
Qohumlarının da məsələdən xəbər tutmaları onu narahat etdiyindən bu rüsvayçılıqdan xilas olmaqdan ötrü Kamalı öz evinə dəvət edib, arvadı ilə heç bir münasibətinin olmamasını onun qohumlarının yanında deməsindən ötrü onunla danışmaq qərarına gəlib.
 
Bu məqsədlə Rəvan Bağırov iyunun 2-də, saat 14.24-də Kamal İsmayılova zəng edərək, onu evinə dəvət edib, arvadı Röya ilə heç bir münasibətinin olmamasını onun qadın qohumlarının yanında deməsini Kamala təklif edib.
 
Lakin onun bu təklifindən Kamal boyun qaçırıb. Həmin gün saat 17-də Rəvan özünə məxsus olan "Mersedes E 300” markalı avtomobillə Ağdaş şəhərindəki bazarın yanından keçərkən Kamal onu görüb.
 
Həmin vaxt Kamal Rəvanın yaxınlaşaraq arvadı ilə münasibətdə olmamasını onun qohumlarının yanında deməyə razı olduğunu bildirib.
 
Evə gəldikdən təxminən 5 dəqiqə sonra Kamal İsmayılov vədindən imtina edib, heç kimə heç nə deməyəcəyini bildirib.
 
Həmin vaxt Kamal Rəvan Bağırova "sən kişi deyilsən, bu söhbəti bağlamalısan”, - deyərək getmək istəyib. Kamalın bu hərəkətindən əsəbiləşən Rəvan Bağırov qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib.
 
Bu məqsədlə Rəvan Bağırov evə daxil olub, əvvəlcədən atasının yatdığı çarpayının altına qoyduğu ov tüfəngini götürərək həyətə çıxıb. Kamal İsmayılov onun əlindəki tüfəngi görüb qapıdan çıxaraq qaçmağa başlayıb.
 
Rəvan onun arxasınca gedərək təxminən 10-15 metr məsafədən Kamal İsmayılovun kürək nahiyəsini nişan alaraq atəş aşıb. Kamal aldığı xəsarətdən ölüb.
 
İstintaq orqanı tərəfindən Rəvan Bağırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Bağırov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən apelyasiya şikayəti verən Rəvan Bağırov cəzasının yüngülləşdirilməsini istəyib.
 
Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Rəvan Bağırovun şikayəti təmin edilməyib.
 
Bu qərardan narazı qalan Rəvan Bağırov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
 
Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə Rəvan Bağırovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.
 
Hakim heyəti sonda kasasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb.