\
24 Noyabr 2024 - Bazar günü

Atası da həbsdə olan gənc Bakıda bıçaqla basqına gedib

Atası da həbsdə olan gənc Bakıda bıçaqla basqına gedib
1719baxış

Bakıda yanacaq doldurma məntəqəsinə basqın basqın edən gənclər hakim qarşısına çıxarılıb. Onların hər ikisi əməlindən peşman olduqlarını, kirayə pulunu ödəmək üçün bu cinayəti törətdiklərini deyiblər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Sərxan Mailli və 1995-ci il təvəllüdlü Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, quldurluq hadisəsi ötən ilin dekabr ayında Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Məntəqənin istirahət otağına daxil olan şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

Mehman Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir sakini N.Mustafayev tutulublar.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilib və əməlini etiraf edib.

Prosesin davamında zərərçəkmiş Mehman Cabbarov ifadə verib.

Zərərçəkmiş ki, hadisədən əvvəl təqsirləndirilən şəxslərdən yalnız Sərxan Maillini tanıyıb.

O, hadisə baş verən gün yaşananları belə danışıb:

"Yanacaqdoldurma məntəqəsində gecə istirahət edən zaman üzü maskalı iki nəfər otağa daxil oldu. Mənə hədə-qorxu gəldilər. Mən istirahət otağında yatmışdım. Əvvəl biri içəri daxil oldu, sonra digəri. Birinci içəri daxil olan şəxsin əlində bıçaq var idi. Pul tələb etdilər. Bıçaqla bədənimi də cızdılar. Mən də qorxuduğum üçün cibimdə olan 552 manat pulu onlara verdim. Pul canımdan artıq deyildi. Sonra hər iki şəxs otaqdan çıxıb qaçdılar. Mən də polisə məlumat verdim".

Dəymiş zərərin ödənildiyini deyən zərərçəkmiş şikayət və tələbinin olmadığını bildirib.

Təqsirləndirilən Niyaməddin Mustafayev dindirilən zaman cinayət əməlini etdiklərini etiraf edib.

Söyləyib ki. həmin pulla kirayə haqqını ödəyib: "Basqın təklifini Sərxan etdi. Pula ehtiyacımız vardı. İndi isə əməlimdən peşmanam".

Niyaməddin Mustafayevin sözlərinə görə, hazırda atası da həbsdədir.

Məhkəmənin iclası iyulun 24-də davam etdiriləcək.

Bildirək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.