\
24 Noyabr 2024 - Bazar günü

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən futbolçunun şikayəti yenə rədd edildi

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən futbolçunun şikayəti yenə rədd edildi
1795baxış

3 il əvvəl dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən futbolçulardan biri Ali Məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, jurnalistin ölümündə suçlanan şəxslərdən Samir Mustafayevin aldığı cəzadan verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyev məhkəmədə deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur.

Müdafiəçinin sözlərinə görə, təhlükəsizlik kameralarının görüntülərindən də görünür ki, Samir Mustafayev Rasimin Əliyevin döyülməsində iştirak etməyib.

Vəkil bildirib ki, əksinə, Samir əl verib onu yerdən qaldırıb: "Zərərçəkmişin nümayəndəsi də məhkəmədə həkimlərin məsuliyyəti ilə bağlı vəsatət qaldırmışdı. Bildirilmişdi ki, Rasim Əliyev həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişib. Təəssüf ki, məhkəmələr bunu nəzərə alıb araşdırmadı".

Bəxtiyar Hacıyev müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmədə mərhum jurnalistin anası Teyfurə Əliyeva da çıxış edib.

O vəkilə etiraz edərək deyib ki, Samir də oğlunun ölümünə səbəb olan cinayətkar qrupun üzvüdür.

"Bu, təsadüfi hadisə deyil. Rasimin futbolçu Cavid haqqında yazdığı fikirlərə görə bilərəkdən bunu təşkil ediblər. Mən heç onların aldığı cəza ilə də razı deyiləm"- deyə T.Əliyeva söyləyib.

Məhkəməyə sədrlik edən Tahir Kazımov müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan edib.

Xatırladaq ki, jurnalist R.Əliyevi futbolçu Cavid Hüseynovla Facebook şəbəkəsində yaşadığı insident zəminində, 2015-ci ilin avqustun 8-də bir qrup şəxs döymüşdü. Bir gün sonra isə o, Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi.

Jurnalistin ölümünə görə Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu C.Hüseynov tutulub. İstintaqın sonunda C.Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan C.Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2016-cı il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Digər şəxslər barəsində isə Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Hökmə əsasən K.Mədətov və S.Mustafayevin hər biri 9 il, C.Məmmədov 11 il , A.Əliyev 12 il 6 ay, E.İsmayılov isə 13 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 

Mediapress.az