Xəzəri hasarlayanların iş məhkəmədə
Məhkəmənin söküntü ilə bağlı qərarından sonra kimlərin başı ağrıyacaq?; Deputat : “Dəniz ətrafı ərazilər 3 prinsip üzrə təsnifatlaşdırılmalıdır”
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində qeyri-qanuni inşa edilmiş bütün tikililərin söküləcəyi ilə bağlı məlumat yaymışdı. Artıq bununla bağlı Komitə tərəfindən aparılan monitorinqlərin nəticələri məhkəməyə göndərilib.
Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib, 78 halla bağlı isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə tətbiq olunub. Məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanılacaq. Qanun dənizin hasarlanmasını qadağan etsə də, hələ də dənizin içərisinə qədər uzanıb gedən on hektarlarla dənizkənarı ərazi, bağ massivləri özəl həyətlərdir. Bu qərar həm də həmin ərazilərin əhalinin üzünə açılması, dənizə sərbəst girmə hüququnun qaytarılması, dənizin mühasirədən azad olunması, ekoloji problemlərin qismən də olsa, həll olunması deməkdir.
ƏMDK mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov virtualaz.org-a hələ söküntü prosesinə başlanmadığını bildirib: “Hələ həmin tikililərin sökülməsinə başlanmayıb. Bu bizdən asılı proses deyil, bu barədə məhkəmə qərar çıxarmalıdır. Yəqin ki, məhkəmənin söküntü ilə bağlı qərarından sonra bu prosesə başlanılacaq”.
Deputat Zahid Oruc hesab edir ki, hazırkı yanaşma ilə Xəzəri xalqın üzünə bağlayan hasarlardan xilas etmək mümkün olmayacaq.
Deputat bu problemin dövlət proqramı çərçivəsində, ictimai dinləmələr keçirməklə həll etməyin mümkün olduğunu düşünür: “Əmlak Komitəsinin sənədləşdirmələri, aktlaşdırmaları və hüquqi çərçivədə məhkəməyə müraciəti qanunvericiliyin tələbi əsasındadır. Xəzər sahilində tikinti aparmaq limiti 150 metr idi. Zamanla norma dəyişdi. Dənizin bu və ya digər formada mühasirəyə alınması zaman-zaman parlamentdə də müzakirə olunub. Amma məhkəmə qərarları ilə bu problemə çözüm tapılmayacaq. Məsələnin köklü çözümü fərqli bir dövlət siyasəti ilə həyata keçirmək lazımdır. Söhbət ondan gedir ki, bu gün dünyada bu məsələyə baxışın konkret mexanizmlərini işləyib hazırlayıblar. Dəniz ətrafı ərazilər 3 prinsip üzrə təsnifatlaşdırılmalıdır. İctimai əlçatanlıq nöqteyi-nəzərindən bütün əhali üçün yerlər müəyyən olunmalıdır. Həmin yerlərdə hər hansı bir fərqli addıma icazə verilmir. Vətəndaş da çox aydın şəkildə biləcək ki, konkret kordinatlarda şəxsi fəaliyyət baş veribsə, bu Xəzəri tamamən ələ keçirənlərin işidir, qanunsuzdir və hüquqi baxımdan ictimai dirənişin əsası olacaq.
İkincisi, birbaşa dövlət inhisarında olan torpaqlar müəyyən olunmalı və qorunmalıdır. Üçüncüsü isə kim istəyirsə ki, dənizə yaxın tikinti aparsın, bir qədər də irəliləyib dənizin içində tikinti aparsın, həmin adamlar külli miqdarda vergi ödəməlidirlər. Serbiyada, Dunay çayının ətrafında, hətta içində yerləşən obyektlər var. Amma həmin obyektlər müxtəlif normativlərin, öhdəliklərin altındadırlar. Azərbaycanda da vəzifə adamları, biznes imkanları geniş olan şəxslər Xəzər sahilində inşa elədiyi villa və evə, mənzilə, yaxtaya görə külli miqdarda vergi ödəməli olacaqsa, bu artıq məsələnin çözümü olacaq. İnhisarda olan torpaq sahələri ilə bağlı sərt addımlar atıldı. Amma sona qədər bu addımlar effektli olacaqmı?
Çözümü iqtisadi mexanizmlərin üzərinə keçirən kimi vəziyyət dəyişəcək, vətəndaş bundan fayda görəcək. Əksinə, həmin ərazilər dövlətin iqtisadi maraqlarına cavab verəcək. Tikmək istəyirsən, buyur. Bu gün Antalyada dənizin içində, sahilində inşa olunmuş obyektlərə görə böyük vergilər ödənilir. Azərbaycan də məsələyə belə yanaşmalıdır. Hasarları sökmək, orada inşa edilmiş villaları sökmək çözüm yol deyil və bir qədər də bolşevik yanaşmadır. Konkret tariflər müəyyən olunmaldır. Dəniz sahilində tikinti aparmaq istəyən şəxs tariflərə uyğun ödəniş edib işini görməlidir".
Deputat bildirir ki, 50 metrlik məhdudiyyət zolağını keçən hər kəs müvafiq qanunverciliyə görə məsuliyyət daşıyırlar:“Dövlətin müvafiq strukturları real tədbirlər həyata keçirib o söküntüləri apara bilər. Hesab edirəm ki, məsələni dövlət proqramı çərçivəsində yoluna qoymaq lazımdır. Xəzərin səthi ilə bağlı 5 dövlət razılığa gəldi. Hazırkı problem isə ölkə daxilində, vətəndaşların razılaşması, dövlət orqanlarının bunu hüquqi bir çərçivəyə keçirməsi ilə müşayət olunmaqla çözülməlidir. Bunu həll etmək o qədər də çətin deyil. İran dövlətini razılaşma masası ətrafına əyləşdirmək mümkün oldusa, Azərbaycan vətəndaşları da Xəzər sahili bölgüdə də ortaq məxrəc tapmalıdırlar”.
Xatırladaq ki, belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililər cavabdehlərin hesabına söküləcək və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması təmin ediləcək. (musavat)