Məktəbdən çıxarılan 15 yaşlı qız intihar etdi - Borçalı mahalının sakinləri nənəni qınayırlar - FOTOLAR
Borçalı mahalında daha bir intihar hadisəsi baş verib. 15 yaşlı yeniyetmə təhsilini davam etdirə bilmədiyi üçün həyatına son qoyub. Mediapress.az-ın Gaxa.ge-yə istinadən yaydığı xəbərə görə, Qardabani şəhərindəki Saduquri 11 küçəsində yaşayan azərbaycanlı qız özünü asıb. 2003-cü il noyabrın 3-də anadan olan Nərminə Şəfiyeva ailədə baş verən narazılıq nəticəsində intihar edib.
Yerli sakinlərin məlumatına görə, intihara səbəb qızın nənəsi ilə dəfələrlə mübahisəsi olub. Qardabani 3 nömrəli Azərbaycan orta məktəbində oxuyan Nərminə dördüncü sinifdən sonra məktəbdən uzaqlaşdırılıb və indiyədək nənəsi Rəfuqə ilə yaşayıb. Nənəsi onun məktəbə getməsinə mane olub. Qız dəfələrlə nənəsinə məktəbdə oxumaq istədiyini bildirib, lakin ona razılıq verilməyib. Nəticədə həmişə oxumağa can atan və 4-cü sinifdən məktəbdə birgə oxuduğu sinif yoldaşlarından ayrı düşən Nərminə Şəfiyeva özünü asıb.
Qeyd edək ki, N. Şəfiyevanın atası Mehdi Şəfiyev Rusiyada işləyir, anası isə Türkiyədədir.
Faktla bağlı Gürcüstan CM-nin 115-ci maddəsinə (intihar etmə) əsasən cinayət işi qaldırılıb. Araşdırma aparılır.