Kafedə işləyən qadına görə adam bıçaqlayan 4 il cəza aldı
Kafedə işləyən qadınlara görə dava edən şəxslərdən biri həbsə düşüb. O, mübahisə etdiyi şəxsi bıçaqlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qıza söz atdığı üçün tanışını bıçaqlamaqda təqsirləndirilən Vüsal Qurbanovun məhkəməsi keçirilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Vüsal Qurbanovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.
Hökmə əsasən Vüsal Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş Tələt Həsənovla təqsirləndirilən şəxs barışıb.
Tələt Həsənovun həyat yoldaşı Vəsilə Məmmədova məhkəməyə deyib ki, əri Rusiyanın Rostov şəhərindədir. O, ərinin infarkt keçirdiyini, orada müalicə olunduğunu söyləyib:
"Özü də barışıq ərizəsi verib, heç bir şikayətimiz yoxdur. Vüsal bizim qonşumuzdur, heç vaxt da münaqişəmiz olmayıb".
Hadisə Məhəmmədi qəsəbəsində yerləşən “Odlar Yurdu” kafesində baş verib.
Onlar kafedə işləyən xanımlara görə mübahisə ediblər.