30 yaşlı jurnalist zorlanaraq qətlə yetirilib - Bolqarıstanda
Bolqarıstanın Ruse şəhərində 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahildəki meşə zolağından tapılıb.
"Report" "Nova" telekanalına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının fərziyyəsinə görə, teleaparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib, ölümündən öncə isə cinsi təcavüzə məruz qalıb.
Qadın jurnalistin meyitini yoldan keçən şəxs aşkar edib və dərhal bu barədə polisi məlumatlandırıb. Cəsədindən bir neçə metr aralıda Marinovanın şəxsi əşyaları olub, yaxınlıqda isə avtomobili park edilib. Asayiş keşikçiləri qadının mobil telefonunu və maşının açarlarını tapmayıblar.
İstintaq onun ölümü ilə bağlı bir neçə versiyanı, həmçinin peşəkar fəaliyyətini nəzərdən keçirir. Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.
Eyni zamanda qətlin motivləri onun peşəsi ilə əlaqəli olmaya da bilər, çünki cinayət yeri yaxınlığında psixiatriya xəstəxanası var.
ATƏT-in azad mətbuat işləri üzrə rəhbəri Harlem Dezir artıq jurnalistin qətlinə münasibət bildirib. Təşkilatın press-relizində bildirilir ki, o, baş verənlərdən heyrət içindədir və cinayətin diqqətlə araşdırılmasını tələb edir.