Ər arvadını öldürüb meşədə basdırdı - Azərbaycanda dəhşət
1713
Samux rayon sakini arvadını qətlə yetirərək meşədə basdırıb.
Mediapress.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Ağamir Səmədov ailə münaqişəsi zəminində arvadı Ləman Səmədovanı döyərək qətlə yetirib.
Daha sonra onun meyitini "VAZ-21011" markalı avtomobillə rayonun Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırıb.
Hadisədən bir neçə gün sonra A.Səmədov L.Səmədovanın bacısı Azadil Qəhrəmanovaya aralarında problem olduğu üçün Ləmanın evdən qaçdığını bildirib.
A.Qəhrəmanova Samux Rayon Polis Şöbəsinə ərizə ilə mürəciət edərək bacısının ailə münaqişəsi zəminində evdən qaçaraq geri qayıtmadığı barədə məlumat verib.
Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan əməliyyat-axtarışlar tədbirlərinin nəticəsində Ləman Səmədovanın qətlə yetirilməsi məlum olub. Ağamir Səmədov şübhəli şəxs qismində saxlanılaraq instintaqa cəlb edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Samux rayon sakini, 1981-ci il təvəllüdlü Ağamir Tofiq oğlu Səmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Hakimin qərarı ilə A.Səmədov 16 il 6 ay azadlıqdan məhrum edilib.