\
24 Noyabr 2024 - Bazar günü

DİN-dən saçı qırxılan qadın haqda AÇIQLAMA

DİN-dən saçı qırxılan qadın haqda AÇIQLAMA
1159baxış

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xəyanət etdiyi deyilən qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-dən Trend-ə verilən məlumatda deyilir: "Sosial şəbəkələrdə əri tərəfindən saçları qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub.

Qadının anası, Mingəçevir şəhər sakini olan X.Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib.

Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhərində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan E.Həsənov ilə 2013-cü ilin aprel ayında ailə həyatı quran qadın iki il müddətində həyat yoldaşı və sonuncunun ailə üzvləri ilə birlikdə Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Lakin 2015-ci ilin oktyabrında həyat yoldaşı ilə münasibətlərində problem yarandığına görə o, anasının yanına qayıdaraq 4 yaşlı övladı ilə birlikdə yaşamağa başlayıb.

Bu ilin sentyabrında ərinin valideynləri - qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Mediapress.az