Kriminal mövzuda yazan jurnalist kriminal hadisə ilə üzləşdi
Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun Abşeron rayonunda evi qarət edilib.
Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanıb.
Ümumilikdə jurnalistə 1425 manat ziyan dəyib.
Oğurluqla bağlı jurnalist Daxili İşlər Nazirliyinin "102 zəng” xidmətinə məlumat verib.
Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili gəlib. Müvafiq müayinə aparılıb, jurnalistin ifadəsi alınıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Oğurluğu kimin törətdiyi məlum deyil.
Abşeron polisi oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.
Qeyd edək ki, Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.