27 yaşlı kürəkən 48 yaşlı qayınatasını bıçaqladı - Ağstafada
Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub. Mediapress.az "Report"un Qərb bürosunun məlumatına əsasən xəbər verir ki, 1971-ci il təvəllüdlü kənd sakini Əliyev Kamaləddin Dursun oğlu 1992-ci il təvəllüdlü Yolçuyev Elşən Mikayıl oğlu tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
İlkin məlumatlara görə, K.Əliyev mübahisə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. Kürəkən bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Bu axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.
Faktla bağlı araşdırma aparılır.