Yasamalda narkobaron saxlanılıb
Yasamal Rayon Polis İdarəsi (RPİ) və 28-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, polis əməkdaşlarına paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Əsədovun yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin, psixotrop dərmanların sıyahısına daxil olan “Tramadol” həbləri, elektron tərəzi və şpristlər aşkar olunub.
Aşkar edilən maddi sübutlar ekspetrziya təqdim edilib. Ekspertiza ilə müəyyən edilib ki, M.Əsədovun evindən aşkar edilən heroinin təmiz çəkisi 1 kiloqram 141 qramdır. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.