2 nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib - Bakıda
Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü Tərlan İmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Mediapress.az "Report"a istinadən xəbər ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən il sentyabrın 28-də saat 19 radələrində Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri - 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.
Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. G.Salmanova və A.Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər. Daha sonra sürücü T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.