\
24 Noyabr 2024 - Bazar günü

Sabiq icra başçısı haqda axtarış qərarı verildi - Bakı Ağır Cinayətlər Məhkəməsində

Sabiq icra başçısı haqda axtarış qərarı verildi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1697baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası başa çatıb. Mediapress.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb. Onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Xatırladaq ki, prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra o, məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb.

Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.