JEK işçilərinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb
Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Müşfiq Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Mediapress.az-ın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Göygöl şəhərində baş verib. Həmin ərazidə yük maşını aşıb.
Qəza nəticəsində zibil maşının yük yerində olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri - 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlu və 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlu maşının altında qalaraq ölüblər. Maşının kabinasında olan 1980-ci il təvəllüdlü İmanov Habil Telman oğlu və 1978-ci il təvəllüdlü Nəcəfov Vaqif Rengen oğlu xəsarət alıblar.
Zibil maşının sürücüsü M.Mirzəyev isə ağır xəsarət almayıb.