\
24 Noyabr 2024 - Bazar günü

Bakıda 55 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Bakıda 55 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
1027baxış

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi 55 yaşlı kişinin qətlə yetirilməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Açıqlamada bildirilib ki, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, martın 3-də saat 03.50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı binanın qarşısında paytaxt sakini, 1964-cü il təvəllüdlü Nəsirov Fərzalı İdris oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qazıyev Adil Sabir oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.