\
24 Noyabr 2024 - Bazar günü

Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina edib

Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina edib
1816baxış

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən H.Abdullayevə sərbəst ifadə vermək təklif olunub.

Lakin sabiq deputat ifadə verməkdən imtina edib.

Daha sonra H.Abdullayevin anası Z.Abdullayeva dindirilib. İttiham üzrə özünü təqsirli bilmədiyini söyləyən Z.Abdullayeva bacısının pasportu ilə sərhədi keçmədiyini vurğulayıb.

Suallara cavab verən qadın Azərbaycan sərhəddini öz pasportu ilə keçdiyini qeyd edib: "Mən sərhəddə saxlanılan zaman həmin vaxt bacımın pasportu da çantamda idi. Çünkü onun pasportu səhvən məndə qalmışdı. Bizimlə birgə ittiham olunan sərhədçilərin heç bir günahı yoxdur. Mən onların heç birinə rüşvət verməmişəm".

Z.Abdullayeva deyib ki, təqsirləndirilən N.Əliyev taksi sürücüsü olub: "Mən heç onu yaxından belə tanımıram".

Məhkəmdə digər təqsiriləndirilən Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşı P.Kazımov da ifadə verib. O söyləyib ki, sərhəddə Z.Abdullayevanın pasportuna baxış zamanı oradakı fotoşəkillə ziddiyyət olduğu üçün birgə xidmət apardığı H.İbrahimova məruzə edib.

H.İbrahimov isə bu barədə ona məlumat verilmədiyini deyib.

Məhkəmənin növbəti iclası aprelin 16-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.