Bakıda “Oba” marketə basqın edən şəxs seyfdə olan pulları aparıb - "Oba"dan AÇIQLAMA
Paytaxtın Nəsimi rayonunda yerləşən marketə basqın olub.
Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, hadisə aprelin 30-da paytaxtın Azadlıq prospekti 108 ünvanında yerləşən “Oba”marketdə qeydə alınıb. Marketə daxil olan şəxs orada satıcı işləyən, 1992-ci təvəllüdlü Quliyeva Fatimə Bəhram qızını ülgüclə hədələyərək dəmir seyfi açmağa məcbur edib. O, seyfdə olan 2400 manat pulu götürərək hadisə yerini tərk edib.
Araşdırmalar nəticəsində quldurluq əməlini törədən şəxsin elə həmin marketdə işləyən, 1993-cü il təvəllüdlü Zaynali Nicat Abuzər oğlu olması müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılır.
P.S. Hadisə ilə bağlı "Oba" mağazalar şəbəkəsinin mətbuat katibi Elvin Babayevlə əlaqə saxladıq. "Məsələ hal-hazırda hüquq müstəvisində araşdırılır. Təfərrüatı biz də dəqiq bilmirik", - deyən Elvin müəllim Mediapress.az-a bildirdi ki, yalnız istintaq bitəndən sonra basqın haqda geniş məlumat verə biləcək.