Bakıda oğru dəstəsi tutuldu: 3 oğlan, 1 qız - DİN - FOTOLAR
Sabunçu Rayon Mühafizə İdarəsinə fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən “həyəcan” siqnalı daxil olub.
DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər. Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub. Belə ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında 14 yanvar tarixində Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub. Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında yerləşən bir neçə market və aptekdən oğurluq etdiklərini etiraf ediblər.
Qeyd edək ki, saxlanılan şəxslərin Sabunçu rayonda etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Saxlanılan şəxslər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi və araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.