Mirzə Babayevin nəvəsi həbs olundu
1720
Respublikaçı Alternetiv” partiyasının üzvü olan Emin Babayev mayın 4-də saxlanılıb.
Küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.
Bölmədə onun haqqaında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbail rayon Məhkəməsinə aparılıb.
Məhkəmədə E.Babayev deyib ki, o, söyüş söyməyib, həmin gün ümumiyyətlə, telefondan istifadə etməyib. Bölmədə isə ondan sosial şəbəkələrdə yazdıqları barədə soruşublar.
Məhkəmədə vəkil əlavə sübutlar haqda vəsatət verib. Əlavə şahidin məhkəməyə gəlməsi üçün proses mayın 6-na qədər təxirə salınıb. Hakim bildirib ki, E.Babayev sərbəstdir, evə getsin, bazar ertəsi məhkəməyə gəlsin.
Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb.
Bu xəbəri onun vəkili Şəhla Hümbətova da "Bizimyol.info”ya açıqlamasında təsdiqləyib. Bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adıyla bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.
Vəkil bu gün polis bölməsinə gedib E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: "Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevinmənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.
Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.
E.Babayev mərhum Xalq artisti Mirzə Babayevin nəvəsidir.