\
24 Noyabr 2024 - Bazar günü

Ağstafadakı dəhşətli hadisənin istintaqı rayon Prokurorluğundan alındı

Ağstafadakı dəhşətli hadisənin istintaqı rayon Prokurorluğundan alındı
1667baxış
Ağstafada törədilən dəhşətli cinayətin istintaqı Bakıda aparılacaq.   
 
APA-nın əldə etdiyi məlumata görə, cinayət işi istintaqı rayon Prokurorluğundan alınıb. Həmin işin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən davam etdiriləcək.
Araşdırmalar zamanı müəyyən edilib ki, baş verən hadisə zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb.  
 
Qeyd edək ki, iyunun 17-də saat 08:00 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
 
İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun "Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.
 
Təxirə salınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.
 
Ağır cinayəti törətməkdə şübhəli bilinən E.Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək  barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Sözügedən hadisənin ağırlıq dərəcəsi  və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.