\
24 Noyabr 2024 - Bazar günü

DİN Məhəmməd Mirzəlinin qaynının döyülməsinə münasibət bildirib

DİN Məhəmməd Mirzəlinin qaynının döyülməsinə münasibət bildirib
1765baxış

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə xaricdə yaşayan Məhəmməd Mirzəlinin qaynının döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”a açıqlamasında hadisənin Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində qeydə alındığını deyib.

Onun sözlərinə görə, Binəqədi rayonu ərazisində Motodrom adlandırılan ərazidə məskunlaşan Elman Ağayev döyülərək müxtəlif dərəcəli xəsarətlər alması ilə bağlı nazirliyin “102 Zəng Mərkəzi”nə müraciət edib.

O.Mansurzadə əlavə edib ki, məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və E.Ağayevin Masazırda kafe işlədən İlkin və Veysəl Rəciyev qardaşları tərəfindən döyülməsini müəyyən edib: “Hazırda həmin qardaşlar saxlanılıb və Təhqiqat şöbəsində araşdırma gedir. Artıq onların izahatları da alınıb”.

DİN rəsmisi qeyd edib ki, Elman Ağayev kondisioner ustası olub və mübahisə də 20 manat borc üstündə yaranıb: “Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək”.

Orxan Mansurzadə onu da vurğulayıb ki, bu, Rəciyev qardaşlarının ilk belə əməli deyil: “Belə ki, Abşeron rayon sakini Niyaməddin Abdullayev iyunun 26-da Elnur və Veysəl Rəciyev tərəfindən döyülməsi ilə polisə müraciət edib. Araşdırma nəticəsində onların qarşılıqlı şəkildə bir-birlərini döydükləri müəyyən olunub. Hazırda bu faktla bağlı İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Bu cinayət işi üzrə təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir və Rəciyev qardaşlarının məsuliyyətə cəlb olunma məsələsinə baxılır”.