Oğurluq edənlər tutuldular
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanılıblar.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 25-dən fevralın 10-dək olan müddətdə şəhər ərazisindəki 5 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əziz Əsgərov saxlanılıb.
Fevralın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 515 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 25-də rayon ərazisindəki evlərin birindən 1000 manat, 5000 manat dəyərində qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rəsul Bəkirov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, digər 3 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.