Yandırılan 10 yaşlı qızla bağlı cinayət işi açıldı
1709
Ötən ilin noyabrında azyaşlının itkin düşməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan Mediapress.az-a verilən məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti bu il yanvarın 6-da Dondar Quşçu kəndində tapılıb. N. Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.
Azyaşlının meyitinin üzərində yanıq xəsarətləri aşkar edilib.