Hövsanda 18 yaşlı qıza hücum edilib! - FOTOLAR - Amma Alxanov Nazim barəsində cinayət işinin başlanması rədd edilib...
Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Bağ massivində yaşayan 18 yaşlı C.S-nın anası İ.R. redaksiyamıza müraciət edərək qızının 18.12.2019-cu ildə sərxoş halda olan Alxanov Nazim Vəli oğlu tərəfindən səbəbsiz olaraq döyüldüyünü, ağır xəsarətlər aldığını bildirib.
Şikayətçi AFN-ə açıqlamasında qeyd ediib ki, qızına xəsarət yetirən, onu öldürməyə cəhd edən şəxs kənardakı şəxslərin köməyilə tutularaq 30-cu Polis Şöbəsinə təhvil verilib. Lakin bir neçə gündən sonra məlum olub ki, həmin şəxs sərbəst buraxılıb. “Tibbi ekspertizanın rəyinin olmasına baxmayaraq, Alxanov Nazim Vəli oğlu heç bir məsuliyyətə cəlb edilməyib” deyən vətəndaş bu durumdan narahatlığını bildirir və ehtimal edir ki, təqsirkar nəyinsə müqabilində polis şöbəsi tərəfindən sərbəst buraxılıb. R.İ xüsusilə 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Vaqif Əliyevin işinə peşəkar yanaşmamasından şikayətçidir: “Bilmirik hansı maraqlar üzündən Vaqif Əliyev cinayətkarı cəzalandırmadan elə həmin gün sərbəst buraxdı. Qızımı onun əlindən alan, ölümdən qurtaran adamların heç birini dindirmədi bu təhqiqatçı. Rəisin də qəbulunda olduq, amma heç bir nəticə yoxdur. Həmin adam azadlıqdadır və istənilən an kiminsə övladına xəsarət yetirə, kimisə qətlə yetirə bilər”.
30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vaqif Əliyev AFN-ə açıqlamasında bildirdi ki, ailə hər bir iddianı səsləndirə bilər: “Mən məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən qərar qəbul edib sahə müvəkkilinə vermişəm, o işi araşdırıb məhkəməyə müraciət etməlidir”.
Qeyd edək ki, məhkəmə-tibbi ekspertizanın rəyi zərərçəkən tərəfə verilməyib. Sadəcə 30-cu Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Vaqif Əliyevin imzası ilə çıxarılan qərarın surəti təqdim edilib. Qərarda bildirilir ki, məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən cinayət işinin başlanması rədd edilir. Həmin qərarda istinad olunan rəydə isə bildirilir ki, “qəsdən fiziki ağrı yetirməklə dərəcəsi müəyyən təyin edilməyən bədən xəsarəti yetirilib”.
Qərarda həmçinin qeyd edilir ki, Alxanov Nazim Vəli oğlu barəsində cinayət işinin başlanması rədd edilib. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində proses davam edir.
Proses diqqətimizdədir.
P.S. Mediapress.az xəbər verir ki, dünən ailə üzvləri Suraxanı Rayon Prokurorluğuna çağırtdırılıb.