Baş Prokurorluq Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən şəxsin vəkilinin əsassız fikirlərini təkzib edib
Azərbaycan Respublikasının Baş Prokurorluğu 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən şəxsin vəkilinin səsləndirdiyi əsassız fikirlərlə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən KİV-ə daxil olan məlumatda bildirilib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı guya işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Belə ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib, o cümlədən keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilib. Bundan başqa, məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib. İ.Süleymanovun istintaq təcridxanasına daxil olanadək, eləcə də sonrakı dövr ərzində hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayəti daxil olmayıb.
Cinayət işi üzrə intensiv istintaq hərəkətlərinin həyata keçirildiyi bir vaxtda ayrı-ayrı şəxslər tərəfindən heç bir hüquqi əsası olmayan mülahizələrin səsləndirilməsi yolverilməzdir və istintaq araşdırmalarının maraqlarına zidd olaraq ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına xidmət etməklə cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirilir.