\
25 Noyabr 2024 - Bazar ertəsi

ADMİU-da “Maestro &Masters” sərgisi - FOTOLAR

ADMİU-da “Maestro &Masters” sərgisi - FOTOLAR
1430baxış

Mediapress.az xəbər verir ki, 13 mart 2018 tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının həgigi üzvü, ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əzizin və onun magistr tələbələrinin “Maestro &Masters”sərgisi keçirilib. Arif Əzizin 75-illik yubileyinə həsr olunmuş sərgi Universitetin tarixində ilk dəfə olaraq “müəllim-tələbə” formatında təşkil olunub.

4o ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor, moda sahələrini əhatə etməklə, ardıcıl şəkildə milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə əks edir. Rəssamın yaradıcılıq fəaliyyətinin əvəzedilməz məqamını onun pedagoji aspekti təşkil edir. Yarın əsrə yaxındır ki, bu fəaliyyət ADMİU-da davam edir, gənc rəssam və sənətkarları zənginləşdirir.

Sərginin lahiyəsi məhz bu kontekstdə, Ustad, onun yolu və onun tələbələri, müəllimin verdiyi ilkin bədii impulslar və onların tələbələrin işlərində özünəməxsus tərzdə inkişafı və ifadəsi kimi kurator Afət Aslanova tərfindən izah edilir. Sərgidə Arif Əzizin fərqli yaradıcılıq dövrlərini əks etdirən 10 əsər nümayış olunur. Rəssama xas mürəkkəb ritmik həll, yaxıların incə oyunu, fərqli ornamental motivlər, pastoz ağ kolorit kimi tanınan amillər əsərlərdə öz əksini tapmışdır. ADMİU-nun “Rəssamlıq” fakultəsinin müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələrinin işlərində akademik tərzlə bərabər fərdi yanaşma, kompozisiyada məkanın və formaların haçalanmasında, həndəsi parçalara bölünməsində, rəng və ritm ilə manipulyasiyalarda sərbəst bədii düşüncə, Maestronun bədii təkanları hiss olunur.

Sərgidə təqdim olunan kataloq iştrakçı və əsərlər haqqında dolğun məlumat verir.

Könül AYPARA