Xalq artisti Rafiq Əliyev vəfat edib
Azərbaycanın xalq artisti, aktyor Rafiq Əliyev 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rafiq Hacıbaba oğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.
Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. O, 2004-cü ilin mayında Azərbaycan Teatr Xadimləri İttifaqının Konfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsinə seçilib. Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın əməkdar artisti, 2007-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülüb.