\
24 Noyabr 2024 - Bazar günü

"Rafiqdən sonra həyat çox çətindir..." Eksklüziv - Rafiq Əliyevin xanımı: - FOTOLAR

"Rafiqdən sonra həyat çox çətindir..." Eksklüziv - Rafiq Əliyevin xanımı: - FOTOLAR
4449baxış
Qəfil dünyasını dəyişən xalq artistinin həyat yoldaşı: “O mənim üçün böyük ziynət idi”
 
Artıq bir neçə gündür ki, görkəmli aktyor və teatr rejissoru, Azərbaycan Respublikasının Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Teatr Xadimləri İttifaqının Konfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini Rafiq Əliyev sıralarımızı tərk edibdir. O, uzun sürən xəstəlikdən sonra bu işıqlı dünya ilə vidalaşıb. Sevilən sənətçi Maştağa qəbiristanlığında - anasının yanında dəfn olunub.
 
Məlum səbəblərdən (karantin reiminə görə) mərhumun evində keçirilən vida mərasimində yaxın qohumları və sənət dostları iştirak edib.
Dünyasını dəyişən xalq artistinin həyat yoldaşı - Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar Artist Şəfəq Əliyeva onun ölümündən şok yaşadığını dilə gətirib.
 
“Bu gün mən tək həyat yoldaşı itirmədim, tələbə yoldaşımı, dostumu, arxa-dayağımı, uşaqlarımın atasını, nəvələrimin babasını itirdim. Rafiq müəllim yaxşı ata, yaxşı baba idi. Belə adamı itirmək çox çətindir.Rafiq böyük pedaqoq, görkəmli teatr və kino aktyoru idi. Mən bu gün həyatımdan bir parça itirdim... heç bilmirəm necə yaşayacam... Teatr da yoxdur karantin rejimi ilə əlaqədar. Yoxsa yaradıcılıqla məşğul olardım... Allahdan özümə səbr diləyirəm. Rafiqdən sonra həyat çox çətindir. Çünki o mənim üçün böyük zinyət, böyük dayaq idi“, - deyə Mediapress.az-a danışan Şəfəq xanım qəfil itkiyə tab gətirə bilmədiyini də söylədi.
 
Xatırladaq ki, Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağırılıb və 3 il hərbi xidmət keçib.
1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub, 1970-cu ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.
1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorluq kimi fəaliyyət göstərib.
Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın Əməkdar Artisti, 2007-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülüb.
 
Allah rəhmət eləsin!