\
25 Noyabr 2024 - Bazar ertəsi

Gürcüstandan gəlib bacısına 13 bıçaq vurub- - 11 il cəza istənildi

Gürcüstandan gəlib bacısına 13 bıçaq vurub- - 11 il cəza istənildi
1835baxış

Gürcüstandan gəlib bacısına 13 bıçaq zərbəsi vuran şəxsə ağır cəza istənilib. Hadisəyə səbəb qısqanclıq olub.

Musavat.com xəbər verir ki, bacısını öldürməyə cəhd etməkdə təqsirləndirilən Camal Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılıb.

Məhkəmədə prokuror çıxış edib. Dövlət ittihamçısı C.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi aprelin 4-də davam edəcək.

Bildirək ki, hadisə ötən il Bakıda baş verib.

1990-cı il təvəllüdlü Tahirə Əliyeva qardaşı, 1995-ci il təvəllüdlü C.Əliyev tərəfindən bıçaqlanıb.

C.Əliyev bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Tahirə Əliyevanın həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Məlumata görə, Bakıda yaşayan T.Əliyeva bir neçə ay əvvəl ərindən ayrılıb və ayrı evdə yaşamağa başlayıb. Ərindən ayrılan qadın müxtəlif yerlərdə işləməyə başlayıb.

Bildirilir ki, Gürcüstanda yaşayan C.Əliyev bacısının ərindən ayrıldığını, ayrı-ayrı yerlərdə işlədiyini eşidib. Bu məsələ ilə bağlı Bakıya gələn C.Əliyev bacısını izləməyə başlayıb. C.Əliyev bacısına işləməkdən və başqa kişi ilə münasibət saxlamaqdan əl çəkməsini tələb edib. Amma T.Əliyeva buna etirazını bildirib.

C.Əliyev bacısına 13 bıçaq zərbəsi vurub. T.Əliyevanın iki övladı var. Cinayəti törədən C.Əliyev də ailəlidir, onun isə 1 azyaşlı oğlu var.

Təqdirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Mediapress.az