Türkiyə “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində... - I HİSSƏ - FOTOLAR
Bakı Ekspo Mərkəzində
Artıq ikinci gündür ki, Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi keçirilir.
Xatırladaq ki, dünənki açılışı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev etdi. Bu gün isə ölkə rəhbəri, cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva sözügedən məkana təşrif buyurublar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.
“Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AITF-2018” sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edib. Eyni zamanda, ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış olublar. Sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilib. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb.
Sərgiyə qardaş Türkiyənin nümayəndələri də böyük zövqlə qatılıblar. Turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlanıb. Bunlardan biri bu il TÜRKSOY tərəfindən 2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı Kastamonunu qabağa çəkmək və bölgə turizminə üstünlük verildiyini nəzərə alaraq sərgidə yeni rəğbət qazanan təbiət turizmi və Qara dəniz mədəniyyətinin təbliğinə əhəmiyyət verilib.
Bundan əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk üslubunda Kaliqrafi və Ebru sənəti ustası Bekir Ulsu, Türkiyənin məşhur təsbeh ustası Hüseyin Çelik, miniatürçü Müjgan İşler, gümüş telkari ustası Hüseyn İşler, Bursa ipək toxuması ustası və Uludağ Universiteti müəllimi Sevgi Yüksel Uzunöz kimi usta və sənətçilər tədbirə xüsusi rəng qatıblar. Sərgidə sözügedən Qara dəniz bölgəsinin tanınmış Trabzon Horon qrupu və kazaziyyə (əlvan metallarla əl işi sənəti), eləcə də kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli musiqi qrupları iştirak ediblər.
Konsert və tamaşalarda isə Türk musiqisini icra edən Türk və Azərbaycanlı sənətçilər iştirak ediblər. Udi Serkan ÜN, Nizam Mirzəyev, Hazar Özpolat, Türk Musiqisi sənətçiləri Mine Bakır, Seyhan Dayıoğlu , İller Məmmədadə (PİANO ), Ebru Kargı (Viyola ), Trabzon Horon qrupu, Türk Xalq Oyunları Qrupu, Ege Zeybekləri Güldərən Aydın, Mustafa Enes, Bakı Türk Oratoryosu Qrupu üç gün boyunca sərgi ziyarətçilərinə türk musiqisinin klassik və populyar örnəklərini ifa ediblər. Həmçinin folklor qrupları ziyarətçiləri coşdurublar.
Qeyd edək ki, bu il də “TÜRKİYƏ EVİNİZ” /“Home Of Turkey” deyən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, otellər birliyi, səyahət şirkətləri federasiyası kimi təşkilatlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılıb. Bundan başqa, Türkiyə rəsmiləri və səfir Erkan Özoralın iştirakı ilə səfirliyin mədəniyyət müşavirliyi sərgidə iştirak edən Türk təşkilatları ilə Azərbaycanın turizm təşkilat və şirkətləri arasında 6 Aprel axşamı işgüzar görüşlər keçirməyi planlaşdırıb.
Xatırladaq ki, sərgi sabah da davam edəcək.
Könül QOCAYEVA
Günel AYXAN