\
25 Noyabr 2024 - Bazar ertəsi

ADMİU-da “Batalyon” sənədli filmi nümayiş olunub - FOTOLAR

ADMİU-da “Batalyon” sənədli filmi nümayiş olunub - FOTOLAR
1973baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor , Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi “Batalyon” sənədli filmi nümayiş olunub. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi “Yaddaş” studiyası tərəfindən hazırlanıb. Filmin çəkilişləri Ağdərə rayonun düşmən işğalından azad olunmuş ərazilərində aparılmışdır. ADMİU-nun professor, müəllim və tələbə heyətinin toplaşdığı filmin nümayişində, rejissor və ssenari müəllifi Nizami Abbas özü də iştirak edirdi. Müəllif hər bir azərbaycanlı üçün ağrılı bir mövzuya çox dəqiqliklə, həssaslıqla yanaşmışdır. Bu da əlbəttə ki, Nizami Abbasın Qarabağ müharibəsi iştirakçısı olmasından irəli gəlir. 90-cı illərdə Tərtər batalyonunda döyüşən mərd oğullarımız, o vaxtın kadrları, bu gün sağ qalanların bir araya toplaşaraq o günləri xatırlamaları, canlı döyüş səhnələri gənclərimizə, tələbələrimizə həqiqətən də bir qəhrəmanlıq örnəyi idi. Film vətənpərvərlik hissini qışqıraraq, bağıraraq, pafosla deyil sadə, lakin çox təsirli şəkildə, səmimiyyəti ilə tamaşaçılara çatdırır. Filmin sonu deyərdik ki, ən ürəkparçalayan məqam idi. Batalyonun saq qalan üzvləri, şəhid olanların yerinə isə doğmaları, övladları sıraya düzülərək, onların hər zaman Vətənin keşiyində, yerlərində olduğunu, adları çəkildikcə “Mən!” deyə səslənmələrini duyğusuz izləmək mümkün deyildi. Nümayişdən sonra müəllimlərin, tələbələrin ayaq üstə sürəkli alqışları “Batalyon” filminin uğurunun, yaşından aslı olmayaraq hər bir kəsə öz güclü təsirinin göstəricisi idi. Rejissor və filmin müəllifi Nizami Abbas sanki o vaxtları bir daha yaşayaraq, qəhərdən danışa bilməsə də, “Kino və televiziya” fakültəsinin dekanı, dosent Mübariz Məmmədli, “Kino-televiziya sənətləri” kafedrasının müdiri professor Rafiq Quliyev çıxış edərək Nizami Abbasa belə bir filmə və gənclərimizdə vətənpərvərlik ruhunu artırmaq üçün bu filmin Universitetdə nümayişinə, canlı ünsüyyətə görə təşəkkürlərini bildirərək, bu görüşün son olmayacağını da vurğuladılar.

Könül AYPARA