\
24 Noyabr 2024 - Bazar günü

Yardımlıda arxeoloji qazıntılar aparılır- FOTOLAR

Yardımlıda arxeoloji qazıntılar aparılır- FOTOLAR
2931baxış
Yardımlı rayonunun Urağaran kəndi ərazisindəki "Bilgəh" adlanan sahədə yeni arxeoloji qazıntılara start verilib.
 
Mediapress.az-ın məlumatına görə, ekspedisiyaya Ceyhun Eminli rəhbərlik edir. Ceyhun müəllim tarix üzrə fəlsəfə doktorudur, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisidir. O həm də Qəbələ antik və ilk orta əsrlər dövrü arxeoloji ekspedisiyasının rəhbəridir. O 2018-ci ildən Azərbaycan-Coreya Qəbələ beynəlxalq arxeoloji ekspedisiyasının da rəhbəridir. Qəbələ şəhəri Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Roma tarixçisi Böyüte Plini I əsrdə "Təbiət tarixi" əsərində Qəbələnin Qafqaz Albaniyasının baş şəhəri olmasını qeyd etmişdir. Yunan coğrafiyaşünası Klavdi Ptolomey isə əsərlərində Qəbələni "Xabala" kimi qeyd etmişdir. Ceyhun Eminlinin rəhbərlik etdiyi ekspedisiya Qəbələnin antik şəhər yerində, "Çaqqallı sahə", "Səlbir" yaşayış yerində geniş miqyaslı arxeoloji qazıntılar aparmışlar. Ceyhun Eminli "Qafqaz Albaniyasının antik dövr keramika məmulatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O doktorluq işi müdafiə etmək üçün "Azərbaycanın Cənub bölgəsinin dağlıq ərazilərində antik dövr qəbirlər (polidemoqrafik vəziyyət və mədəni məşğulluq)" mövzusunda tədqiqatlar aparır. O 2012-ci ildən həm də Lerik arxeoloji ekspedisiyasına da rəhbərlik edir. 2016-cı ildən ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Belə ki, Azərbaycan-Amerika Lerik arxeoloji layihəsi çərçivəsində Böyük Britaniyanın Oksford Universiteti, Türkiyə Cumhuriyyətinin Koç Universiteti, Almaniyanın Frayborq, Amerikanın Pensilvaniya universitetlərində çalışan mütəxəssislər ekspedisiyanın tərkibinə daxildirlər. Bu mütəxəssislərin hamısı amerikalılardır. Azərbaycanın cənub bölgəsi arxeoloji abidələrinin tədqiqi Qərb mütəxəssislərin həmişə maraq dairəsində olmuşdur. Bu ekspedisiyanın tərkibinə antropoloq və poleozooloqlar da daxildir. Ekspedisiyanın tədqiqat predmeti eramızdan əvvəl V əsrdən eramızın III əsrinə qədər bu ərazidə (Astara. Lerik, Yardımlı) dəfn adətləri və inanclar, polidemoqrafik vəziyyət, sosial-iqtisadi göstəricilər (varlı və kasıb qəbirləri), həyat tərzi, sənətkarlıq məsələləridir. Ceyhun Eminli 2012-2019-cu illər ərzində Lerik rayonu ərazisində 4 nekropolda (qəbristanlıqda) tədqiqatlar aparmışdır, 220-dən çox qəbir araşdırılmışdır. Burada əsasən torpaq qəbirlər və küp qəbirlər aşkarlanmışdır.
Ekspedisiyanın Yardımlıya gəlməsinin səbəbkarı isə tanınmış pedaqoq Mirhümbət Səmədov olmuşdur. Belə ki, bir il əvvəl hazırda qazıntı işləri aparılan ərazidən Urağaran sakini Kamal Təhməzov evinə su çəkən zaman torpağın altından müxtəlif saxsı əşyalar və nadir hesab oluna ritual qablar tapmış və bunu Mirhümbət müəllimə göstərmişdir. Mirhümbət müəllimin bu nadir tapıntıları ekspedisya rəhbəri Ceyhun müəllimə göstərməsi arxeoloqların bu əraziyə marağını artırmışdır. Hazırda Yardımlıdakı qazıntılarda Ceyhun Eminli ilə bərabər beynəlxalq ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru, Ceyhun Eminli ilə eyni şöbənin aparıcı elmi işçisi Emil İsgəndərov və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, 2013-cü ildən ekspedisiyanın üzvü Xəyalə Kərimli də yorulmadan çalışır. Əslində 2020-ci ildən tədqiqatlar antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyası adı altında davam edir. Karonavirus təhlüksi olmasaydı tədqiqatlarda xarici mütəxəssislər də iştirak edəcəkdi. Yardımlıdakı arxeoloji qazıntılar sentyabrın əvvəlinə qədər davam edəcək. Ekspedisiya Yardımlı rayonu üzrə qazııntılar aparmaqla bərabər, yeni abidələrin aşkar olunması istiqamətində də şöl müşahidələri də aparır.
 
Zahir Məlikli