Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur
18 sentyabr - dahi Ü.Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur.
Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün, təqribən 45 ilini bu işə həsr etmişdir.
1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası «Leyli və Məcnun»un müəllifi Ü.Hacıbəyov yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaratmışdır. «Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan» xalq arasında tezliklə geniş şöhrət qazandı və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulur. Bundan sonra o, Azərbaycan operasının şah əsəri olan «Koroğlu»nu yaratdı. Bu dövrdə o, respublikamızda musiqi təhsilini tədris etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivləri yaratmağa müvəffəq olmuşdur. Ü.Hacıbəyov böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi dünya şöhrəti qazanmışdır.
Ü.Hacıbəyov bəstəkar fəaliyyətini getdikcə genişləndirərək çoxlu mahnılar, romanslar, kantatalar və başqa musiqi əsərləri yazmışdır.
Ü.Hacıbəyov, eyni zamanda, görkəmli bir ədib idi. Onun ədəbi yaradıcılığı iki istiqamətdə davam etmişdir. O, həm dərin məzmunlu satirik felyetonlar, publisistik əsərlər yazmış, həm də opera və operettaların ədəbi məktəbini yaratmışdır. Ü.Hacıbəyov dünya opera sənətində silinməz iz qoymuşdur. «Koroğlu»dan başqa bütün opera və operettaların mətnini özü yazan Üzeyir bəyin librettoları mənasına və bədii keyfiyyətinə görə sərbəst dram əsərləri kimi yaşayır. «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan», «Əsli və Kərəm» insan duyğularını ifadə edən gözəl səhnə əsərləridir.
Böyük axtarışlardan-milli musiqimizi, rus, Avropa və başqa xalqların musiqisini dərindən öyrəndikdən sonra Üzeyir Hacıbəyov öz şah əsərini-«Koroğlu»nu tamamladı. «Koroğlu»nun ilk tamaşası Azərbaycan mədəniyyətində, incəsənətində ən böyük bayrama çevrildi.
Ü.Hacıbəyovun opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bu sənət faktı Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda yarandı. Ü.Hacıbəyov həm də kamil bir yazıçı və publisist idi. Onun gözəl felyetonları, ədəbi səhnəcikləri, satirik, publisistik yazıları ədəbiyyatımızda özünəməxsus yer tutur. Ü.Hacıbəyov Cəlil Məmmədquluzadənin yaratdığı «Mola Nəsrəddin» məktəbinin qüdrətli nümayəndələrindən biridir. Respublika Elmlər Akademiyası tərəfindən toplanıb çap olunmuş əsərləri meydana çıxandan sonra müasir oxucu Ü.Hacıbəyovun ədəbi fəaliyyəti barədə geniş təsəvvürlər ala bilmişdir.
Ü.Hacıbəyovun əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət etmiş ictimai məzmunlu, mili koloritli, tərbiyəvi əsərlərdir.
Nisə Rafiqqızı