Türkiyə Tbilisi sərgisinə yeni dizayn və mədəni zənginlikləri ilə qatılıb - GÜRCÜSTANDAN REPORTAJ - FOTOLAR
Mediapress.az xəbər verir ki, Türkiyə Gürcüstanda keçirilən 20-ci Tbilisi Beynəlxalq Qafqaz Turizm Sərgisində (Ekspo Georgia 2018) geniş heyətlə təmsil olunur.
Aprelin 12-dən 14-dək davam edəcək tədbirdə Türkiyədən AYB Holidays, Nevşehir, Artvin, Trabzon mədəniyyət və təbliğat büroları, Alanya Turizm Təbliğatı Vəqfi kimi təşkilat və şirkətlər iştirak edir.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyindən verilən məlumata görə, qonşu Gürcüstanda ölkənin turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə zəngin milli folklar nümunələri təqdim olunub.
Sərgidə yeni tərtibatda hazırlanan Türkiyə pavilyonunu ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq edilib.
Eyni zamanda, ziyarətçilər zərgər Feridun Pekeş, çini (dulusçuluq) ustası Sevgi Vardanlı İnal və digər sənət ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olublar.
Həmçinin ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirilib. Hər gün qutudan adı çıxan 2 nəfərə Tbilisi-İstanbul aviabileti hədiyyə olunub.
Sərgidə aktiv iştirak edən Türkiyə burada zəngin təbiətini, tarixi və turistik incilərini uğurla təqdim edib. Stendi gəzənlər, Türkiyənin bu gün də yaşadılan ənənəvi sənətlərindən Cam işləmə, İznik çini peşələrinin məşhur ustalarının fəaliyyəti ilə əyani tanış olublar. Bundan başqa, sərgi ərzində Türkiyənin məşhur sənətçisi Udi Serkan Ünün ifasında hər gün canlı musiqi proqramları təqdim olunub.
Səfirliyin Bakı Mədəniyyət və Turizm Müşavirliyi bu il turizm sərgisində kiçik bir mədəniyyət festivalı da təşkil edib. Bunun üçün də bu il yenə gürcü turizminin nümayəndələri ilə türk turizm və iş adamları arasında bir “work-shop” təşkil olunub.
Könül Qocayeva